Xəbərlər

Avstriyada biznes forum

29.01.2017

Yanvarın 29-da Vyanada “RR Group of Companies” şirkətlər qrupu tərəfindən Azərbaycan və türk iş adamlarının biznes forumu təşkil edilib. Vyanada fəaliyyət göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları, Avstriyada və qonşu ölkələrdə çalışan iş adamları, müxtəlif şirkətlərin təmsilçiləri iştirak ediblər.

Tədbiri açan “AZERİ-DER” dərnəyinin sədri Yardım Günəş tarixi qardaşlıq əlaqələri ilə bir-birinə sıx bağlı olan Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Bildirilib ki, eyni zamanda, iqtisadi əlaqələrin inkişafı və Avropada işgüzar münasibətlərin qurulmasında Azərbaycan və türk iş adamlarının birgə fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Biznes forumun təşkil olunmasında əsas məqsəd Azərbaycan-Avstriya işgüzar əlaqələrinin və iqtisadi layihələrin inkişaf etdirilməsində bu potensialdan yararlanmaqdır.

Azərbaycanın Avstriyadakı səfirliyinin ikinci katibi Ruhlan Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin müvafiq göstərişi əsasında ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına ciddi diqqət yetirilir. Buraya ixracyönümlü məhsulların “Made in Azerbaijan” brendi ilə təşviqinə yardım edilməsi, yerli məhsulların ixracının təşkili və xarici investorların Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa cəlb edilməsinin də daxil olduğunu bildirən R. Nəbiyev bu əlaqələrin inkişafı və konkret nəticələrə çevrilməsi üçün səfirliyin və digər qurumların dəstək göstərməyə daim hazır olduğunu deyib.

Türkiyənin Avstriyadakı səfirliyinin ticarət məsələləri üzrə müşaviri Ayşe Özdoğan bu ölkədə türk iş adamlarının fəaliyyətinin təşviqi ilə yanaşı, Azərbaycan və türk işgüzar dairələri arasında əməkdaşlığın gücləndirilməsində və birgə biznes layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb.

“RR Group of Companies” şirkətlər qrupunun Avropa üzrə layihələrin rəhbəri Kamil Quliyev təmsil etdiyi şirkəti qısa təqdimat edib. O, Avropa ölkələrində maraqlı ola biləcək hədəf istiqamətlər, eləcə də qitənin investorlarının Azərbaycanda sərmayə yatıracağı potensial sahələr və təmsil etdiyi qurumun bu istiqamətdə irəli sürdüyü tərəfdaşlıq imkanları barədə məlumat verib.

“RR Group of Companies” şirkətlər qrupunun idarə heyətinin sədri Rafiq Qarayev şirkət haqqında məlumat verib. Şirkətin həm Azərbaycanda, həm də ölkə xaricində həyata keçirdiyi layihələrdən bəhs edən R. Qarayev deyib ki, Asiya və Yaxın Şərq ölkələrində inşaat və infrastruktur layihələrində uğurlara imza atan şirkət 2016-cı ildə bu istiqamətdə fəaliyyətini genişləndirmək qərarına gəlib. Prezident İlham Əliyevin Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına dövlət dəstəyinin göstərilməsinə dair müvafiq fərmanı da şirkətin xarici bazarlara çıxması üçün daha güclü stimul olub. Şirkətin Avropada fəaliyyətinin əsas istiqamətləri burada biznes fəaliyyətinin qurulması üçün müvafiq imkanların nəzərdən keçirilməsi ilə yanaşı, Avropa şirkətləri və investorlarının Azərbaycana cəlb edilməsinə çalışmaqdır. R. Qarayev bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı, xarici sərmayələrin yatırılması üçün kifayət qədər böyük potensial vardır və ölkə rəhbərliyi də müvafiq islahatlar və təşviq proqramları vasitəsilə bu imkanları genişləndirir.

Tədbir çərçivəsində Azərbaycanın son illərdə qazandığı uğurları əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra Azərbaycandakı biznes mühiti, xarici yatırımlar üçün yaradılmış şərait, “RR Group of Companies” şirkətlər qrupunun fəaliyyət istiqamətləri haqqında təqdimat keçirilib.

Müxtəlif şirkətlərin təmsilçiləri arasında biznes görüşləri (B2B) təşkil olunub, birgə əməkdaşlıq imkanları müzakirə edilib.