Xəbərlər

Şəhid İlqar Məmmədovun adına bulaq-abidə kompleksi açıldı.

15.05.2017
 
Bu gün, 1992-ci il mayın 15-də Ağdam istiqamətində - Fərrux yüksəkliyi uğrunda gedən əməliyyatda İlqar Məmmədovun şəhid olduğu gündür.

Bu münasibətlə İsmayıllı rayonunun Kürdmaşı kəndində döyüş yoldaşları tərəfindən şəhidin şərəfinə ucaldılmış bulaq-abidə kompleksinin açılışı olub. Əvvəlcə şəhidin döyüşçü dostları İ.Məmmədovun kənddəki məzarını ziyarət ediblər.

Bulaq-abidə kompleksinin açılışında rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və məktəblilər iştirak ediblər. O cümlədən, İlqar Məmmədovla bir yerdə döyüşən müxtəlif rayonlardan olan əsgər və zabitlər də tədbirdə iştirak ediblər. 

Tədbirdə şəhidin döyüş yoldaşı Rafiq Qarayev çıxış edərək döyüş xatirələrini danışıb. “1992-ci il yanvarın əvvəlləri idi. Bizim ilk əməliyyatımız Ağdərə rayonunun Umudlu kəndində oldu və biz orda 1 ay xidmətdə olduq. Hər tərəfdən ermənilərin əhatəsində olan kəndi ən son tərk edən on səkkiz nəfərdən biri də İlqar oldu. O, bizimlə bərabər Kəlbəcər istiqamətində bir neçə gün yol gələrək mühasirədən çıxdıq. Yaralı halda hospitala gəldik. İlqar cəsarəti ilə fərqlənirdi onun yarası tam sağalmamış yenidən döyüşə getdi. İlqar Şirin Mirzəyevin batalyonunda başqa-başqa döyüşlərdə də çox böyük şücaətlər göstərdi. Fərrux yüksəkliyi uğrunda qızğın döyüş gedirdi. 

Lakin bu döyüş onun son döyüşü oldu və İlqar şəhid oldu. Bu şəhidlik Vətən üçün idi. Bu gün burada dalğalanan çoxsaylı bayraqlar insanda ruh yüksəkliyi yaradır, amma biz o zaman bunun həsrətini çəkirdik. Ulu öndərimiz, mərhum prezidentimiz Heydər Əliyev, onun siyasi-iqtisadi kursunu uğurla davam etdirən prezidentimiz cənab İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın bu gün şəhid ailələrinə göstərdiyi diqqət və qayğısı göz önündədir. Eyni zamanda, bu gün burada İsmayıllı rayon icra hakimiyyətinin başçısı və rayonun digər strukturlarının rəhbərləri bizimlə bu tədbirlərdə çiyin-çiyinə olması bizi çox ruhlandırır. Bu, tədbirdə iştirak edən gənclərə böyük örnəkdir. Bu gün bizim ölkəmizi istəyənlər də var, istəməyənlər də. Bu, hər zaman olub və olacaqdır. Əsas məsələ ruhdan düşməməkdir. İlqar şəhid olsa da, biz əminik ki, bu gün elə burada oğullarımız var ki, Ali Baş Komandan əmr eləsə bizimlə birlikdə döyüşə gedərlər”.

Kənd ağsaqqalı Yunis müəllim: “Mən də bütün bura yığışan yoldaşları, bu işdə təşəbbüskar olan İlqarın döyüş yoldaşlarını, başda Rafiq müəllim olmaqla hamısına öz minnətdarlığımı bildirirəm. İlqar haqqında danışmaq həm ağırdır, həm də xoşdur. Ağırdır ona görə ki, belə bir gəncimizi itirdik, xoşdur ona görə ki, olduqca böyük qəhrəmanlıq göstərmişdi. Biz elə igidlərlə fəxr edirik, Allah onlara rəhmət eləsin, onların qisası alınacaq. Azərbaycan şəhidləri unudulmur, yaddan çıxmır”.

İsmayıllı rayonunun Kürdmaşı kənd məktəbinin şagirdləri bulaq-kompleksin qarşısında bədii-musiqili - kompozisiya ilə çıxış etdilər. 

Şəhidin qardaşı Arzu Məmmədov da çıxış edərək döyüş yoldaşlarına minnətdarlıq bildirdi. 

Daha sonra İsamyıllı rayon icra başçısı Mirdamət Sadıqov çıxış edərək İlqarın döyüş yoldaşlarını salamladı. “Əziz Kürdmaşılılar, vətəni sevməyin ən böyük nümunəsi İlqarın döyüş yoldaşlarının göstərdiyi nümunədir. Bundan hər birimiz dərs götürməliyik. Bu da bir tale yazısıdır, bir ömürdür. Bu bulaq, bu xatirə kompleksi bu kənd camaatı üçün İlqarı xatırlama yeri olacaq. Onun döyüş yoldaşları hər dəfə burdan keçəndə İlqarı xatırlayacaqlar. Bu da bir tarixi hadisədir. Vətənin başı sağ olsun! Vətənin başının sağ olması üçün onu qorumaq, sevmək, daha da inkişaf etdirməliyik. Bu gün bizim məktəblilərimiz yaxşı oxumaqla, savadlı olmaqla, elmi potensiala nail olmalıdırlar ki, Qarabağ münaqişəsində qələbənin əsasını qoya bilək. Vətəni sevməyi öyrənmək lazımdır. Onun üçün İlqar kimi canından keçmək lazımdır. İlqarın döyüş yoldaşları, İsmayıllıya verdiyiniz bu töhfəyə görə sizə təşəkkür edirəm! Arzum budur ki, İsmayıllı camaatı sizin bu xidmətinizi unutmasın. Sizə ürəkdən təşəkkür edirəm. Mən İlqarın döyüş yoldaşlarını, Rafiq müəllimi, Qarabağ Qazilərimizi burada görürəm. Onların arasında xəstələr, yaralılar da var. Allah müharibə əlillərimizə, döyüşçülərimizə, Qazilərimizə möhkəm can sağlığı versin. Gün o gün olsun ki, qələbə günündə yığışıb burada qeyd edək. İsmayıllı da ən çox şəhid vermiş rayonlardan biridir: 144 şəhidimiz var. Ordunun arxasında xalq durur. Gözünüz aydın olsun ki, Vətən övladımız gəlib öz kəndində yerini tapdı!”.

Daha sonra abidə-bulaq kompleksinin açılışı oldu.

Şəhidin yaşadığı evdə ehsan süfrəsi açıldı. Onun ruhuna dua oxundu.

Tədbirlə bağlı çəkilmiş videoya buradan, https://www.youtube.com/watch?v=r-iDgQ1wVdI baxa bilərsiniz.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Azərbaycanın qəhrəman oğlu

Dillərdə əzbərdir Nəbi, Koroğlu
Bəzisi əfsanə, bəzisi doğru
Onları bax bu gün yaşadan oğlan
İlqar Məmmədovdur Ərzuman oğlu.

Onu qorxutmadı şaxta-boran-qar
Baxmadı don vurmuş ayağı sızlar
Dedi necə yatım, necə dincəlim
Düşmən tapdağında qalıb torpaqlar

Əsir götürülüb ana-bacılar
Kimsəsiz qalıbdır körpə uşaqlar
Nə üzlə qayıdım İsmayıllıya
Od içində yanır evlər-obalar.

İlqar bir şir idi, bir pələng idi
Düşmənləri udan bir nəhəng idi
Tez-tez hücum edib qırıb, çapırdı
Düşmənlər qorxudan pərəsəng idi.

Düşmənlər İlqara tələ qurdular
Onu məhv etməyə pul ayırdılar
Onun gülləsini qurtaran görüb
Döyüş meydanında yaraladılar.

Əsir düşdü İlqar, ağır yaralı
Baş əymədi yenə qaniçənlərə
Yoldaşlardan uzaq, eldən aralı
Lənət yağdırırdı ermənilərə.

Susdura bilmirdi düşmən İlqarı
Çaqqallar hücum etmişdi pələngə
Yaralı pələngin söndü çırağı
Qovuşdu qəhrəman əbədiyyətə.

İlqar vətənpərvər bir oölan idi
Qorxu nədir bilməz qəhrəman idi
Ürəyi çox təmiz, polad cüssəli
İlqar basılmaz bir pəhləvan idi.

Qəhrəman atası, Ərzuman kişi
Başını uca tut, qəhərlənmə sən
Əzəldən belədir dünyanın işi
Təmkinli olmalı və dözməlisən.

Toplanmışıq ad gününə İlqarın
Onu yad etməyə gəlmişik indi
Artıq el oğludur sənin İlqarın
Bir bax, neçə oğlun-qəzən var indi.

Unutmasın heç vaxt ismayıllılar
Onların İlqar tək oğlanları var
Azərbaycan xalqı qəhrəman xalqdır
Nümunədir bu gün onlara İlqar.
Daim bizimlədir qəhrəman İlqar.

Şair
Arif Şirvanlı
2001-ci il
İsmayıllı rayonu
Kürdmaşı kəndi